Coğrafiya

Azərbaycan ərazisi düzənlik və dağlıq relyefə malik olub, mütləq yüksəkliyi 28 m-dən (Xəzərsahili düzənlik) 4466 m-ə Bazarduzu Dağında qədərdir. Azərbaycan Respublikasının ovalıq və düzənlik relyefi Gəncə, Qazax, Qarabağ, Mil, Muğan, Şirvan, Salyan, Lənkəran, Samur-Şabran, Arazyanı və Şərurdan ibarətdir. Azərbaycan Respublikasının ərazisi beş coğrafi vilayətə bölünür: onlardan dördü (Böyük Qafqaz, Kiçik Qafqaz, Naxçıvan MR, Lənkəran) dağlıq, biri isə (Kür-Araz və ya Mərkəzi Aran) ovalıqdır. Böyük Qafqazın Azərbaycan hissəsi hüdudunda iki əsas dağ silsiləsi – Baş Qafqaz (Bazardüzü dağı – 4466 m) və Yan silsilə (Şahdağ – 4243 m) uzanır. Dağlıq Şirvan, Qobustan və Abşeron Yarımadası Cənub-şərqi Qafqazda yerləşir. Baş Qafqaz dağ silsiləsinin cənub yamacı ətəyi boyunca Qanıx-Əyriçay dağarası çökəkliyi, ondan cənuba isə geniş Ceyrançöl və Acınohur öndağlığı uzanır. Baş Qafqaz silsiləsi Bazardüzü dağından şərqə Azərbaycan ərazisi daxilində şimal-qərbdən (Tinovroso dağı) cənub-şərqə doğru uzanmaqla 4000 metrdən 1026 metrə qədər Kəmçi dağı alçalır. Azərbaycan və Dağıstan xalqları arasında tarixən gediş-gəliş, o cümlədən də ticarət əlaqələri Baş Qafqaz silsiləsinin Tinovroso (2800 m), Maçxalroso (2900 m) Malarasa (2865 m), Qudurdağ (2500 m), Dindidağ (2992 m), Attaqay (2657 m), Ağbulaq (3200 m), Qərbi Salavat (2832 m), Nohurlar (3250 m), Qdım (2906 m), Fiy (3104 m) və bir çox başqa aşırımlar vasitəsilə saxlanılmışdır. Kiçik Qafqazının Azərbaycan hissəsində Şahdağ (Qara-arxac -2901 m, Hinaldağ – 3367 m), Murovdağ Gamışdağ – 3724 m, Qarabağ (Böyük Kirs – 2725 m) sıra dağları və Qarabağ Vulkanik Yaylası (Böyük İşıqlı – 3552 m, Dəlidağ – 3616 m) relyefdə üstünlük təşkil edir. Naxçıvan MR ərazisində Dərəyələz (Küküdağ– 3120 m) və Zəngəzur sıra dağları (Qapıcıqdağ – 3904 m) uzanır. Hər iki sıra dağların qovuşağında Biçənək aşırımı (2346 m) yerləşir.

Lənkəran ovalığı cənub-qərbdə Talış sıra dağları ilə (Gömürgöy – 2493 m) sərhədlənir. Bu dağların ön hissəsi boyu Burovar silsiləsi (914 m), mərkəz hissəsi boyu isə Peştəsər (2200 m) sıra dağları uzanır.

Flora

XVIII-XIX əsrlərdə indiki Azərbaycan ərazisinin 35%-i meşə ilə örtülü olmuşdur. Hal-hazırda Azərbaycan meşələrinin ümumi sahəsi 1021 min hektardır. Bu da Azərbaycan ərazisinin 11,8%-ni təşkil edir. Bu rəqəm Rusiya Federasiyasında 44%, Latviyada 41%, Gürcüstanda 39% təşkil edir.

Ölkəmizin meşə ehtiyatının 49%-i Böyük Qafqaz regionunun, 34%-i Kiçik Qafqaz regionunun, 15%-i Talış zonasının və 2%-i Aran zonasının (Naxçıvan MR ilə birlikdə) payına düşür. Azərbaycanda adambaşına 0,12 ha meşə sahəsi düşür. Hazırda 261 min hektar meşə fondu sahəsi Ermənistan tərəfindən işğal edilmişdir. Azərbaycan öz füsunkar gözəlliyi, zəngin təbii sərvətləri, al-əlvan florası və faunası ilə bütün dünyada şöhrət qazanmışdır. Burada 125 fəsiləyə və 930 cinsə daxil olan ali bitkilərin 4500 növü yayılmışdır. Bunlardan 48 fəsiləyə, 135 cinsə mənsub olan 450 növ ağac və kollar Respublikamızın meşələrində bitir. Bu isə Resublika florasındakı bitki növlərinin 11-ni təşkil edir. Azərbaycan dendroflorasının tərkibində 70 regional endem növə təsadüf edilir. Bu da ümumi ağac və kol bitki növlərinin 16%-i deməkdir.

Azərbaycan meşələrinin özünəməxsus meşə formasiyaları mövcuddur. Bu formasiyalar aşağıdakılardır:

  1. Qarmaqvari şamdan ibarət iynəyarpaqlı meşələr
  2. Ardıc seyrək meşəlikləri
  3. Şərq fıstığından ibarət fıstıq meşələri
  4. Palıd meşə formasiyaları:
    a) Şabalıdyarpaq palıddan ibarət (Talış) meşələr
    b) Qafqaz palıdından ibarət aşağı dağ qurşağı meşələr
    c) Şərq palıdından ibarət yuxarı dağ qurşağı meşələr
    ç) Uzunsaplaq palıddan ibarət düzən meşələr
    d) Araz palıdından ibarət az məhsuldar meşələr (Palıdın digər (qızılı palıd, qumral, kövrək palıd, boz palıd və s.) növləri ayrıca meşə formasiyası yaratmır və digər növlərin yaratdığı formasiyalarda iştirak edirlər.)
  5. Vələs meşə formasiyası
  6. Dəmirağacından ibarət relikt meşə formasiyası
  7. Ağcaqayın meşə formasiyası
  8. Məxməri ağcaqayından ibarət meşələr
  9. Tranttoveter ağcaqayından ibarət seyrək meşələr
  10. Xurma meşələri
  11. Qarağac meşələri
  12. Adi qozdan ibarət meşələr
  13. Adi şabalıddan ibarət meşələr
  14. Azad ağacından ibarət meşələr
  15. İpək akasiyadan ibarət meşələr
  16. Yalanqozdan ibarət rütubətli meşələr Qızılağac meşələri
  17. Tozağacı meşələri Qovaq meşələri
  18. Kür-Araz sahilləri boyunca formalaşan Tuqay meşələri

Ermənistan tərəfindən Azərbaycana qarşı edilən təcavüz nəticəsində xeyli ərazilər işğala məruz qalmışdır. Burada yerləşən meşələrə xüsusilə də dağ meşələrə ciddi ziyan vurulmuşdur. Ermənistanın təcavüzü nəticəsində işğal altında qalmış 246 min ha meşə sahəsi vəhşicəsinə qırılıb talan edilir. Bu ərazilərdə bitən qiymətli ağac cinslərinin kəsilib aparılması biomüxtəlifliyin qorunmasını kritik həddə çatdırmışdır.

Fauna

Azərbaycanın fauna və florası çox zəngin olsa da bəzi növlərin təbiətdən silinmə təhlükəsi var. Beləki bəbirlərin sayı Azərbaycanda sürətlə azalmış və yox olmaq təhlükəsindədir. Son tədqiqatlar göstərmişdir ki, Azərbaycanda onların yalnız 10-13 fərdi qalmışdır. Bunun əsas səbəbi vəhşi cütdırnaqlı heyvanların sayının azalması olmuşdur. Bəbirləri gözəl qiymətli dərilərinə görə də ovlayırlar. Vəhşi Təbiəti Ümumdünya Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyi xəbər verir ki, ilk dəfə olaraq Azərbaycan ərazisində təbii şəraitdə bəbirin fotoşəkilini çəkmək mümkün olub.

Vaşaqa Azərbaycanda əsasən Naxçıvan, Dağlıq Qarabağ, Quba-Xaçmaz, Şəki-Zaqatala və Lənkəran-Astara zonalarında rast gəlinir. Azərbaycanda çox nadir hallarda Zolaqlı Kaftara Bozdağın ətəklərində, Göyçay, Ağdaş, Ağdam, Yevlax, Naxçıvan Muxtar Respublikası ərazilərində təsadüf olunur. XIX əsrin ortalarında Azərbaycanda ceyran səhralarda, düzənliklərdə geniş yayılmış növ hesab edilirdi. Zaqafqaziya dəmir yolu çəkilən dövrədək Tbilisidən Bakıya qədər yayılmışdır. Daha çox ceyrana Qarabağ və Muğan düzlərində təsadüf edilirdi. Bizim əsrin 50-ci illərində ceyranın arealı və sayı faciəli surətdə azalmışdır. Hazırda qorunmayan yerlərdə onlara təsadüf edilmir. Hazırda əsas yayıldığı ərazilər Şirvan və Abşeron Milli Parkı, Bəndovan və Korçay Dövlət Təbiət Yasaqlıqlarında (8000 fərddən çox) hesab olunur.

Xəzər suitisi (Phoca caspica) Xəzər dənizində məskunlaşan yeganə dəniz məməlisidir. O, Xəzər dənizinin endemik növü olmaqla, dünyada suitilərin ən xırda növü sayılır (yaşama müddəti – 50 il). 1987-ci ildə aparılan hesablamara görə Xəzər suitisinin populyasiyalarının ümumi sayı 360-400 min baş təşkil edir (Krılov, 1989), Xəzər dənizi su bioresursları üzrə Komissiyanın 2005-ci ildə apardığı hesablamara görə isə onların sayı 375 min başdır. 1996-cı ildə Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi (IUCN) Xəzər suitilərinin vəziyyəti barədə müzakirə aparmış və Xəzər dənizinin getdikcə çirklənməsini və suitilərin məskəni olan sahil zolağının daralmasını nəzərə alaraq, bu növün statusunu “zəif” növ kimi IUCN qırmızı kitabına daxil etmişdir.

Azərbaycanda məskunlaşmış quş növlərindən 20-yə qədərinin adı (qıvrımlələk qutan, çəhrayı qutan, qara leylək, mərmər cürə, dəniz qartalı, məzar qartalı, berkut, turac, dovdaq, bəzgək, sultan toyuğu, ərsindimdik, qızılqaz, qırmızıdöş qaz, fısıldayan qu, kiçik qu, çöçükburun cüllüt, ağquyruq çökükburun, çöl haçaquyruq cüllütü) Azərbaycan Respublikasının «Qırmızı Kitab»ına daxil edilmişdir.

Çöl Qartalı Azərbaycanda sayı azalan nadir, köçəri növdür. Köçmə zamanı Xəzərin sahilində və respublikanın başqa aran rayonlarında təsadüf edilir. Toğlugötürən nəsli kəsilmək üzrə olan, oturaq növdür. Azərbaycanın Böyük və Kiçik Qafqaz və Talış dağları ərazilərində areallaşmışdır.

Dovdaq nadir, qışlayan quş növüdür. Əvvəllər Qızılağac qoruğunda, Acınohur, Muğan və Şirvan çöllərində rast gəlinirdi. Hazırda Kür-Araz ovalığının çöl rayonlarında müşahidə edilir.

Çəhrayı Qutannadir, sayı azalmaqda olan qışlayan növdür. Keçmişdə Azərbaycan ovalıqlarının su hövzələrində geniş yayılmışdır. Ancaq görünür ki, indi olduğu kimi keçmişdə də yuvalamırdılar. Qış mövsümündə Xəzərdə və böyük su hövzələrində, o cümlədən iri su anbarlarında (Mingəçevir, Naxçıvan və s.) rast gəlinir. 1993-1996-cı illərdə Dövlət Ekologiya Komitəsinin apardığı inventarizasiyanın nəticələrinə əsasən 500-550 fərd qeydə alınmışdır. Qızılqaz nadir, sayı azalmaqda olan, qışlayan və köçəri növdür.

Xəzərdə və bütün iri daxili su hövzələrində qışlayır. Ən stabil qışlama yerləri – Böyük Qızılağac körfəzi, Abşeron yarımadasının Şıx sahilləri, Dəvəçi limanı, Şirvan qoruğu, Kürün deltasından cənubda, Ağgöl, Sarısu və Kür-Araz Düzənliyinin digər iri gölləri. Nadir hallar istisna olmaqla Azərbaycanda yuvalamır. 1995-ci ildə 13 cüt Salyan rayonunda Ağ-çala gölündəə yuvalayıb. 1982-ci ildə Qızılağac körfəzində kütləvi yuvalaması müşahidə edilmişdir.

Nərə, ağ balıq, çəki, siyənək, Kütüm, Ziyad, forel, Azərbaycanın su hövzələrində rast gəlinən əsas balıq nəvlərinə aidirlər.

2010-ci ildə 439,47 milyon ədəd balıq körpələri süni və təbii yolla artırılıb təbii su hövzələrinə buraxılmışdır. O cümlədən: nərə cinsli-1,522 milyon ədəd, qızılballıq-173,61 min ədəd,çəkikimilər-432,08 milyon ədəd, ağ amur-5,75 milyon ədəd. Keçmiş Sovetlər məkanında nərə cinsli balıqların süni artırılması üzrə ilk zavod Neftçala rayonunun Bankə qəsəbəsi yaxınlığında tikilib istifadəyə verilmişdir. Nərə cinsli balıqların süni yolla artırılmasının biotexnologiyası və biotexniki normativləri alimlər tərəfindən məhz bu zavodda hazırlanmış və sonralar digər Xəzəryanı ölkələrdə (Rusiya, Qazaxıstan, İran) inşa edilmiş analojı zavodlarda tətbiq edilmişdir.

Ekologiya

İşğal olunmuş Azərbaycan ərazilərində ekoloji vəziyyət

1988-93-cü illər ərzində Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının 1,7 milyon hektar ərazisi işğal olunmuşdur. İşğal olunmuş ərazilərdə 460 növdən çox yabanı ağac və kol bitkiləri bitir. Bunlardan 70-i endemik növ olub, dünyanın heç bir yerində təbii halda bitmir. Qaracöhrə, ayıfındığı, Araz palıdı, yalanqoz, şərq çinarı, adi nar, meşə üzümü, pirkal, şümşəd, eldar şamı, adi xurma, söyüdyarpaq armud və s. növ ağaclar işğal olunmuş ərazidə məhv edilərək dünya florasının xəzinəsindən silinmək üzrədir. Eyni zamanda, bu ərazilərdə “Azərbaycan Respublikasının Qırmızı Kitabı”na daxil edilmiş məməlilərin 4, quşların 8, balıqların 1, amfibiya və reptililərin 3, həşəratların 8, bitkilərin isə 27 növü qorunurdu.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: